Abstract
Fəlsəfə tarixinə nəzər yetirdiyimiz zaman insanın mental hallarının əsasən ruh/nəfs fikri ilə izah edildiyinin şahidi oluruq. Nəfsin mahiyyəti məsələsi isə qədim yunan filosoflarından bəri müzakirə olunmuş və bu barədə fərqli nəzəriyyələr ortaya qoyulmuşdur. Qədim yunan filosoflarından Platon nəfsin maddi bədəndən təmamilə fərqli, qeyri-maddi bir substansiyadan təşkil olunduğunu düşünür və onun bədəndən müstəqil var ola bilən, əzəli və əbədi olduğunu iddia edirdi. Substansial dualizm olaraq tanınan bu nəzəriyyəni qəbul etməyən Aristotel isə nəfsi bədənin mükəmməlliyi kimi tərif edir və Platondan fərqli olaraq onun bədəndən öncə var olması fikrini, eləcə də, ölümsüzlüyünü inkar edirdi. İslam filosofları Aristotelin nəfs tərifini qəbul etsələr də onu Platon kimi qeyri-maddi substansiya hesab edir və insanın maddi bədən və qeyri-maddi nəfsdən təşkil olunduğunu deyirdilər. Səfəvilər dövrünün İslam filosofu Sədrəddin Şirazi isə sələflərindən bir çox cəhətdən fərqlənən nəfs konsepsiyası ilə çıxış edir. O da İbn Sina və digər müsəlman filosoflar kimi nəfsin “orqanları olan təbii bir cismin ilk mükəmməlliyi (ἐντελέχια)” olmasına dair aristotelist tərifi qəbul edir, ancaq onun fikrincə tərifdəki orqanlar maddi bədən üzvləri olmayıb, nəfsin gücləridir. Platondan fərqli olaraq Şirazi nəfsin əzəli olmayıb yarandığını qəbul edir. Lakin nəfsin bədənlə birlikdə yarandığını düşünən İbn Sinadan fərqli olaraq Şirazi nəfsin yarandığı zaman mücərrəd varlıq olması fikrini rədd edir. Ona görə nəfs maddi bədəndə ortaya çıxır. Maddi yaransa da Şiraziyə görə nəfs təbiətən sahib olduğu substansial hərəkət sayəsində zamanla dəyişərək ruhani varlığa çevrilərək ölümsüzlük əldə edir.
Bu məqalə Sədrəddin Şirazinin nəfs konsepsiyasını ələ alaraq onun nəfs və ruh anlayşını, nəfsin tərifi, yaranması və bədənlə münasibtinə dair fikirlərini təhlil edir.