Abstract
Tarix boyu insanlar bir birləri ilə ünsiyyət qurmaq üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Bu ünsiyyət vasitələri təsrif olunarkən dörd kateqoriyaya bölünür. Sözlü, sözsüz, yazılı və şəkli ünsiyyət vasitələri. İnsanlar duyğularını, hiss və həyəcanlarını bu vasitələrlə qarşısındakılara çatdırırlar. Sözlü vasitə zamanı insanlar dil vasitəsilə ünsiyyət qurur. Sözlü vasitə daim yenilənməyə, inkişaf etməyə məruz qalan, canlı bir ünsiyyət növüdür. Zaman keçdikçə yeni sözlərin yaranması, ünsiyyət qurmaq üçün insanların artıq bir birinə daha yaxın olması (sosial şəbəkələrin varlığı) müasir dövrümüzdə yeni dilləri öyrənməyə maraq yaradır. Yeni dillərə maraq yaranarkən, sözlü vasitə ilə yazılı vasitə, demək olar ki, paralel inkişaf edir. Özünü ifadə, natiqliq, ritorika haqqında təlimlərdə iştirakçılara verilən məsləhətlərdən birincisi bu mövzuda (danışdığı dildə xitab mövzusunda) təhsil almaq olursa, ikincisi mütləq və mütləq sosial olmaq olur, yəni öyrəndiyi, xitab etdiyi, fikrini çatdırdığı dilə məruz qalıb, qarşılıqlı söhbətləri daimi hala çevirmək. Çünki dil həm canlı həm də passiv olma xüsusiyyəti daşıyır.